Şirin yuxu tapasan…

Şirin yuxu tapasan…

Uşaqların əhvali-ruhiyyəsinə və sağlamlığına təsir edə biləcək çarpayının seçilməsi heç də az əhəmiyyətli məsələ deyil. Düzgün çarpayı seçimi həm onurğa sütunun normal inkişafına, həm də sinir sisteminə müsbət təsir göstərir. Çarpayının hansı materialdan hazırlanması da böyük əhəmiyyət kəsb edir.

Dünyaya yeni gələn körpə üçün seçilən mebel funksiyalı olmaqla yanaşı, körpələrin rahatlıq və əqli inkişafını da təmin etməlidir. Körpə otağındakı ən vacib yer onun yatağıdır. Əksər valideynlər yeni doğulmuş uşaq üçün ortopedik yatağın vacib olduğunu bilmirlər. Ona görə də uşaqlar körpəlikdən narahat yatır, beli, onurğası əyilir, allergiya və bir çox problemlərlə üzləşirlər. Müasir dövrdə uşaqlar üçün hər şey mağazadan alınır və çox vaxt hazır məhsulun materialının təbii olub-olmamasına diqqət yetirilmir.

Uşaq böyüklər kimi yun döşəkdə, nahamvar yerdə və toyuq tükündən iri yastıqda yata bilməz. Onların hələ formalaşmamış sümük, onurğa və daxili orqanların düzgün yer alması üçün hər bir valideyn övladı doğulandan rahat yataq təşkil etmək qayğısına qalmalıdır. Mütəxəssislərin fikrincə, 3 yaşına kimi körpələr içi təbii materialla doldurulmuş bərk döşəkdə yatmalıdır. 3 yaşından 7 yaşına kimi uşaqlar üçün orta bərklikdə döşək lazımdır, həmçinin uşaq çarpayılarının öz döşəklərində metal detal olmamalıdır. Metal elektrostatik və maqnit təsir göstərir ki, bu da uşaq orqanizmi üçün zərərlidir.

Körpələr üçün natural lateks və viskomaterialdan döşəklər uyğundur. Uşaq döşəyi hava almalı, hipoallergen, ortopedik, düzgün ölçüdə, mikrob əleyhinə, keyfiyyətli natural üzlüklə və sərt olmalıdır. Uşağın boyun və başının formasını düzgün alan yastıq da vacibdir. Yeni doğulmuş körpəyə yastıq lazım deyil, onun başının altına bir neçə dəfə qatlanmış bələk qoymaq kifayətdir. Üstünə örtülən material da pambıqdan olmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.