“Bu hallarda hamiləlik ağırlaşmış sayılır”

“Bu hallarda hamiləlik ağırlaşmış sayılır”

Sağlam övlad sahibi olmaq hər bir ailənin arzusudur. Lakin qadınların hamiləliyi heç də həmişə sona qədər sağlam başa çatmır. Hamiləlik zamanı ən çox rast gəlinən patologiyalar və onların səbəbləri haqqında Azərbaycan Tibb Universitetinin (ATU) I mamalıq ginekologiya kafedrasının assistenti Kəmalə Əliyeva ilə söhbətləşib.

K.Əliyevanın sözlərinə görə, bəzi hamiləliklərin gedişatı müxtəlif patoloji vəziyyətlərlə ağırlaşa bilər. Bunlar da ananın və dölün həyatını təhlükə altına qoyur: “Hamiləlikdə rast gəlinən əsas ağırlaşmalar ananın və dölün qan azlıqları, dölün inkişaf ləngimələridir. İkinci hal əsasən hamiləlik gistoslarının (əvvəllər toksikoz adlandırılan durum)  ağırlaşmasının nəticəsində yaranır. Hamiləliyin ikinci yarısının gistoslarından biri də dölün inkişaf ləngimələridir. Bundan əlavə, hamiləlik zamanı erkən özbaşına düşüklər, ciftin müxtəlif patoloji vəziyyətləri, yenidoğulmuşların hemolitik xəstəlikləri də çox yayılmış ağırlaşmalardandır”.

Doktor qeyd edir ki, mamalıq praktikasının və hamiləliyin aparılmasının əsas amillərindən biri – riskli hamiləliklərin və perenatal patologiyaların düzgün qiymətləndirilməsidir: “Belə ki, bu zaman hamiləliyi ağırlaşdıra biləcək bütün faktorlar, həmçinin gələcək uşağın valideynlərinin sağlamlığı nəzərə alınmalıdır. Hamiləliyin gedişatını ağırlaşdıra biləcək faktorlar bir neçə qrupa bölünür.

Birincisi, sosial-bioloji faktorlardır. Bura 30-dan yuxarı yaş qrupuna daxil olan ana və 40-dan yuxarı yaşı olan atalar, valideynlərin zərərli vərdişləri, zərərli işi olanları daxil edirik. İkinci qrupa mamalıq və ginekoloji faktorları aid edirik. Bu risk qrupuna çoxsaylı doğuş keçirmiş xanımlar, abort etdirənlər, vaxtından əvvəl doğuş keçirən, hamiləliyi ölü doğuşla sonlandırılan qadınlar və digərləri aiddir. Üçüncü qrupa isə hamiləlik dövründə ekstrogental xəstəliklər keçirən hamilə qadınlar daxildir. Yəni ananın daxili orqanlarında olan problemlər –  xroniki və kəskin infeksiyalar, hamiləlik dövründə qanaxmalar, mənfi rezus qan qrupu olanlar nəzərə alınır. Növbəti qrupa isə sırf dölün müxtəlif xəstəlikləri aid olunur. Bu zaman ən çox dölün gipoksiyaları (dölün oksigen çatmazlığından əziyyət çəkməsi), gipotrofiya (azçəkili döl), paratrofiyalar (dölün çəkisinin artıq olması) daha çox rast gəlinir. Bütün bu hallarda hamiləlik stasionar şəraitdə aparılmalıdır”.

Kəmalə Əliyevanın sözlərinə görə, bəzən patoloji hamiləliklər zamanı həkimlər hamiləliyi erkən sonlandırmaq məcburiyyətində qalır. Perenatal dövrdə, yəni hamiləliyin 28-ci həftəsindən sonrakı dövrdə ehtiyac olarsa, hamiləlik vaxtından əvvəl başa çatdırılır.

Həkim deyir ki, ATU-nun Tədris Cərrahiyyə Klinikasında patoloji hamiləliklərin izlənməsi, uğurla sonlandırılması üçün hər cür şərait yaradılıb: “Şöbəmizdə həm patologiya, həm ginekologiya, həm də doğuş şöbəsi fəaliyyətdədir. Həmçinin, klinikanın birinci mərtəbəsində fəaliyyət göstərən qadın məsləhətxanasında hamilə xanımlar qeydiyyata düşə bilərlər. Hamiləlik müddətində bizdə bu hamilə qadınlara nəzarət olunur, onların müayinəsi aparılır. Əgər hansısa dövrdə problemlər aşkarlanarsa, hamiləlik patologiya şöbəsində davam etdirilir. Klinikada güclü neonatoloq həkimlər də fəaliyyət göstərir. Hər xanıma ana olmaq arzusunu reallaşdırmağı arzulayıram”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir